Məktubda İranın ədalətin, dinlərarası dialoqun və davamlı sülhün qlobal diskursunu gücləndirmək iradəsi əks olunub.
İran İslam Respublikası mədəni diplomatiya və dinlərarası dialoq ənənəsindən irəli gələn bir addımla mədəni irs, turizm və əl işləri naziri Seyid Rza Salehi Əmirini Papa XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün yüksək səviyyəli nümayəndə kimi Vatikana göndərib ki, İran Prezidentinin sülh və həmrəylik mesajını dünya katoliklərinin yeni liderinə çatdırsın.
Salehi Əmiri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın adından Papa XIV Leoya İran xalqının təbrikini, qarşılıqlı anlaşma və sinerji mahiyyəti daşıyan məktubunu çatdırıb.
Bu məktubda deyilir: “Zati-aliləri Papa XIV Leo, bütün hörmətlə, Katolik dünyasının lideri seçilməyiniz münasibətilə səmimi təbriklərimi bildirirəm. Yaşadığımız dünya dərin maddi və mənəvi böhranlardan əziyyət çəkir; hansı ki, İlahi lütf və tövhid dinlərinin möminlərinin sinerjisi olmadan bu böhranların həlli mümkün deyil."
İran Prezidenti məktubunun davamında maddiyyatın artan hökmranlığına, mənəviyyatın zəifləməsinə, zorakılıq, zülm və ayrı-seçkiliyin genış yayılmasına işarə edərək, ilahi və bəşəri fəzilətlərə qayıtmağın zəruriliyini vurğulayıb: "Təəssüflər olsun ki, bu gün müasir sivilizasiyada əxlaqın zəifləməsi səbəbindən ədalət, insan ləyaqəti, həmrəylik kimi məfhumların zəiflədiyinin, bəşəriyyətin özünün və başqalarının hüquqlarına məhəl qoymadığından misli görünməmiş böhranlar girdabına düşdüyünün şahidi oluruq."
Doktor Pezeşkiyan məktubda müasir dövrdə dinlər arasında dialoqun və sistemli əməkdaşlığın unikal mövqeyini vurğulayaraq, İran İslam Respublikasının dünyada sülh, ədalət, mənəviyyatın həyata keçməsi, məzlumlara və məhrumiyyətlərə üzləşənlərə dəstək məqsədilə Müqəddəs Taxt-Tac ilə qarşılıqlı əlaqə və əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edərək bildirib: "Bu gün bəşəriyyətin insan iztirablarını yüngülləşdirmək, mənəvi dəyərləri dirçəltmək, ekstremizm, müharibə, yoxsulluq və bərabərsizliklə mübarizə aparmaq üçün ilahi dinlərin əxlaqi koalisiyasına hər zamankindən daha çox ehtiyacı var. İran İslam Respublikası ilahi və bəşəri prinsiplərə etiqad edərək, dünya sülhünü təşviq etmək və ikitərəfli münasibətləri inkişaf etdirmək üçün Müqəddəs Taxt-Tacla istənilən konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır."
İran İslam Respublikası Prezidenti bu məktubun sonunda Papa XIV Leoya uğurlar və can sağlığı arzulayıb, dünya katoliklərinə rəhbərlik etmək kimi çətin, lakin ruhlandırıcı yolda onun bəşəriyyətə xidmət və dünya ruhunu yüksəltmək kimi yüksək məqsədlərinin reallaşacağına ümid etdiyini bildirib.
Sizin rəyiniz